Orqanik və ya "ekoloji təmiz" təmiz məhsul haqqında



-Ekoloji təmiz məhsullar.

 

EKOLOJİ TƏMİZ MƏHSUL NƏDİR?

 

Ekoloji təmiz məhsullar tərkibində  zərərli maddələrin miqdarı adi məhsullara nisbətən dəfələrlə az olan, normativlərə uyğun məhsullardır. Ekoloji təmiz məhsullar mineral gübrələr, pestisidlər və digər texnogen təsirlərin olmadığı təmiz sahələrdən alınır. Təbii xammaldan minimal kənar qatqıların təsiri ilə alınan məhsulları da ekoloji təmiz hesab etmək olar. Ekoloq alim Telman Zeynalovun sözlərinə görə, mütləq ekoloji təmiz mal almaq praktiki mümkün deyil: «Eko-, bio-, orqanik terminləri eyni prosesi ifadə edən müxtəlif anlayışlardır: Avropada qəbul edilmiş ekoloji (bioloji və ya üzvi) kənd təsərrüfatı və istehsal standartları əsasında yetişdirilən, yığılan, emal edilən və qablaşdırılan məhsullar nəzərdə tutulur. İngilislər bunu organic, almanlar və fransızlar bio, hollandlar isə eco adlandırır».

Qeyd edək ki, organic food və ya ekoloji təmiz ərzaq müəyyən standartlara uyğun istehsal edilən, pestisidlər və mineral gübrələrdən istifadə olunmadan yetişdirilən məhsullardır. Avropada bu standart 24.06.1991-ci il tarixli «Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üzrə Ümumavropa sazişi» («Council Regulation N2092/91 of June 1991 on organic production og agricultural products») əsasında müəyyən edilir. Son məhsula «ekoloji təmiz» statusu vermək üçün yoxlayıcı orqanlar onun «dən mərhələsindən piştaxta mərhələsinə» qədər bütün yolunu izləyirlər. Söhbət kənd təsərrüfatı-əkin sahəsi, səpin materialı, emal metodları, qablaşdırılma şəraitindən gedir. Buna nəzarət Milli Sertifikatlaşdırma Təşkilatı tərəfindən həyata keçirilir. Bu təşkilatın məhsulun üzərindəki işarəsi onun keyfiyyət və ekoloji təmizliyinə etibarlı zəmanət deməkdir. Məhsulu, əsasən, üç parametr təyin edir: ekoloji təmiz xammal, ekoloji təmiz inqredientlər, ekoloji təmiz texnologiya.

 

 EKOLOJİ TƏMİZ MƏHSUL İSTEHSAL PROSESİNDƏ BAHA BAŞA GƏLİR

 

 Qeyd edildiyi kimi ekoloji təsərrüfatlarda mineral gübrələrdən, herbisidlərdən, insektisidlərdən, fungisidlərdən istifadə edilmir. Ziyanvericilərlə mübarizə zamanı bioloji mübarizə (cücülərin təbii düşmənləri vasitəsi ilə) və fiziki metodlardan (ultrasəs, işıq, tələ və sair) istifadə edilir. Bitkilərə və torpağa ziyan vurmamaq üçün bir çox aqrokultura işləri əl ilə həyata keçirilir. Emal zamanı ekoloji təmiz inqrediyentlərdən (iç, doldurucu, rəng, konservant və sair) istifadə edilir. Bunlar yalnız təbii xammallardan alınır. Məsələn, konservasiya zamanı üzüm və ya alma sirkəsindən, limon turşusundan istifadə edilir.

Ekoloji təmiz inqrediyentlərin üstünlükləri ilə yanaşı bir sıra qüsurları da mövcuddur. Belə ki, təbii boyalar temperaturun təsirinə qarşı davamlı olmadığından zəif rəngləmə qabiliyyətinə malik olub istehsal prosesində çox baha başa gəlir.

 

ƏLVERİŞLİ MODEL KİMİ EKOLOJİ KƏND TƏSƏRRÜFATI SİSTEMİ YARADILMALIDIR

 

Xəbər verildiyi kimi «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» fərman da imzalanıb. Məqsəd insanların, torpağın, heyvanların və bitkilərin sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji cəhətcə təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləməkdən ibarətdir. Ölkəmizdə bu mühüm işin təşəbbüsçülərindən biri Gəncə Aqrobiznes Assosiasiyanın təsisçisi, professor Amin Babayevin fikrincə, bu qanun dövlətimizin ölkə vətəndaşlarının bugünkü və gələcək nəsillərinin sağlamlığı naminə göstərdiyi çox böyük qayğının təzahürüdür: «İnsanın sağlam həyat sürməsi üçün ən əsas şərtlərdən biri onun saf, təmiz ərzaqla təminatıdır. Ekoloji kənd təsərrüfatı sistemi də elə bu məsələni əhatə edir. Sağlam torpaq, sağlam bitki, sağlam heyvan, sağlam ərzaq və sağlam mühitə bu və ya buna bənzər digər məsələlər bütün dünyada narahatlıq doğurur. Azərbaycan müstəqillik əldə edəndən sonra ekoloji məsələlərə xüsusi diqqət yetirməyə başladı. Prezidentin 18 fevral 2003-cü il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında ekoloji cəhətdən davamlı sosial iqtisadi inkişafa dair» Milli Proqram təsdiq edildi. Həmin proqramla ölkəmizin kənd təsərrüfatında sürətli yüksəlişə nail olmaq üçün əlverişli model kimi ekoloji kənd təsərrüfatı sistemi nəzərdə tutulurdu. Elə biz də neçə ildir fəaliyyətimizi məhz bu istiqamətdə qurmuşuq».

Aparılan müqayisəli araşdırmalara görə, ekoloji təmiz qida məhsulları istehsalı imkanları baxımından Avstraliya, Argentina kimi ölkələr daha böyük potensiala malikdir. Ekoloji təmiz qida məhsulları istehsal edən təsərrüfatların sayı Asiya, Afrika və Latın Amerikası ölkələrində daha böyük sürətlə artır. Avropa ölkələrində ekoloji təmiz qida məhsullarının istehsalına və istehlakına daha çox fikir verirlər. Bütövlükdə dünya üzrə bu məhsulların istehlakı 2006-cı ildə 30 mlrd. ABŞ dolları təşkil edib. Həmin ildə ekoloji təmiz qida məhsullarının istehlakının 70 faizi Şimali Amerikanın və Avropa ölkələrinin payına düşüb.

Yerli mütəxəssislərimizin bildirdiyinə görə, sözügedən ölkələrdə ekoloji təmiz qida məhsullarına tələb böyükdur və bu meyil gələcəkdə də saxlanılacaq. Ona görə də indiki şəraitdə ölkəmizin qida sənayesində fəaliyyət göstərən müəssisələrin ekoloji təmiz qida məhsulları istehsalına üstünlük vermələri və həmin məhsullarla beynəlxalq bazarlara çıxmaları onların istehsal-satış fəaliyyətlərini əhəmiyyətli dərəcədə genişləndirməyə gətirib çıxara bilər: «Bunun üçün, əlbəttə, Azərbaycanın qida sənayesində fəaliyyət göstərən müəssisələr marketinq konsepsiyasının tətbiqi əsasında istehsal-satış fəaliyyətinin həyata keçirilməsinə diqqət yetirməli və marketinqin tətbiqi vasitəsilə beynəlxalq bazarlara çıxış sahəsində təcrübə qazanmalıdır».